Rusiyalı politoloq: “Məsuliyyət Ermənistanın üzərinə düşür”

Rusiyalı politoloq: “Məsuliyyət Ermənistanın üzərinə düşür” backend

“Münaqişənin alovlanması qaçılmaz idi. Dondurulmuş deyil, həll olunmamış səviyyədə idi”. APA-nın məlumatına görə, bunu Bakıda rusiyalı politoloq Sergey Markov deyib.


O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üç xüsusiyyətə görə digər münaqişələrdən fərqlənir. “Birincisi orada heç bir sülhməramlı yoxdur, silahlı qüvvələr üzbəüz dayanıb. İkincisi münaqişə yox, danışıqlar dondurulmuş idi. Hər üç həmsədr ölkəsində erməni diasporu güclüdür və bu da imkan vermirdi ki, həmin ölkə Ermənistana hansısa formada təzyiq göstərsin. Ölkələr arasında güc balansı bütün cəhətdən sürətlə Azərbaycanın xeyrinə dəyişir. Lakin münaqişənin həllində heç bir irəliləyiş olmurdu. Bu isə münaqişənin alovlanmasına təkan verdi”, - deyə politoloq vurğulayıb.

S. Markov bildirib ki, cəbhədə son hadisələrdə ilk addımın kim tərəfindən atılması barədə mübahisələr olsa da, Azərbaycan tərəfi daha əmin mövqe nümayiş etdirməlidir: “BMT-nin Azərbaycanın xeyrinə çıxardığı qətnaməsi var, Madrid prinsipləri var. Ona görə də münaqişənin alovlanmasının məsuliyyəti İrəvanın üzərinə düşür”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Diaspora