Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, Q. İsakzai etimadnamə məktubunu prezident İlham Əliyevə təqdim edib.İ. Əliyev Azərbaycanın BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu, ölkəmizin təşkilatla çox fəal əməkdaşlıq həyata keçirdiyini deyib. Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini bildirən dövlət başçısı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının təsisatlarında iştirakını uğurla davam etdirəcəyinə ümidvar olduğunu deyib.
Son iyirmi il ərzində təmsil etdiyi qurumla Azərbaycan arasında səmərəli əməkdaşlıq həyata keçirildiyini bildirən Q. İsakzai BMT-nin Azərbaycan hökuməti ilə mövcud olan tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətində olduğunu deyib. O, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib, yoxsulluğun azaldılması, infrastrukturun yenidən qurulması istiqamətində əldə olunan nailiyyətlərin önəmini vurğulayıb. Ötən səfərindən keçən dövr ərzində ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu qeyd edən Q. İsakzai bu inkişafa Heydər Əliyev və prezident İlham Əliyevin rəhbərliyi altında nail olunduğunu vurğulayıb. Təşkilatın ölkəmizlə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirən Q. İsakzai BMT-nin Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi işinə dəstək verə biləcəyinə ümidvar olduğunu deyib.
Prezident İlham Əliyev ölkəmizlə BMT arasında çox fəal əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd edib. Yoxsulluğun azaldılmasının ən böyük nailiyyətlərimizdən biri olduğunu deyən dövlət başçısı bütün ölkə miqyasında yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində iş aparıldığını, məşğulluğun yeni mexanizmlərinin təqdim olunduğunu, sosial proqramların həyata keçirildiyini bildirib, görülən tədbirlərin yoxsulluğun aradan qaldırılması işinə böyük töhfə verəcəyini qeyd edib. Qarşıya qoyulmuş məqsədlərə qısa müddət ərzində nail olunması üçün təşkilatın ölkəmizin müvafiq qurumları ilə birgə fəaliyyət göstərməsinin, Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasının ölkəmiz üçün yaxşı təcrübə olduğunu diqqətə çatdırıb. Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətinə toxunaraq Azərbaycanın dünyaya təqdim olunması, eyni zamanda, ölkəmizin inkişaf sahəsində qazandığı təcrübəni bölüşməsi baxımından tədbirin önəmini qeyd edib.
Prezident İlham Əliyev Qulam İsakzaiyə fəaliyyətində uğurlar arzulayıb.