"Bu ilin birinci rübündə ölkədə 37 min yeni iş yeri yaradılıb və bundan sonra da insanların rifah halının yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq". QAZİLER.AZ AzərTAc-a istinadən xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Ölkədəki inkişaf dinamikasının daha da sürətləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev birinci rübdə ümumi daxili məhsulun aşağı düşməsinə baxmayaraq, il ərzində bu sahədə artımın proqnozlaşdırıldığını, bütün maliyyə-iqtisadi sektorun mütərəqqi prinsiplər əsasında inkişaf etməsinin əhəmiyyətini vurğulayıb, regional inkişaf proqramının icrası, investisiyaların qoyulması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının cədvəl üzrə getdiyini, bu strateji layihənin vaxtında icra olunacağını bildirib.
Bu ayın sonunda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini, Azərbaycanın multikulturalizm və sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm rol oynadığını deyən Prezident İlham Əliyev ölkəmizdəki müsbət dinamikanın qarşıdakı dövrdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Sonra energetika naziri Natiq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilin birinci rübündə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Prezident İlham Əliyev yekun nitqində ordu quruculuğuna daha böyük diqqətin göstərilməsinin vacibliyini bildirib. Buna nail olmaq üçün iqtisadiyyatın sürətlə inkişaf etməsinin əhəmiyyətinə toxunub: “İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir”, - deyən dövlət başçısı bildirib ki, ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür.
Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, yeni iş yerlərinin yaradılmasının vacibliyini vurğuladı, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanacağını diqqətə çatdırıb.
Dövlət başçısı bildirib ki, bu il 40-dan çox kənd yolu layihəsinin icrası, nəqliyyat dəhlizlərində vahid tarif siyasətinin həyata keçirilməsi, Ələt dəniz limanının yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi, genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.