Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
QAZİLER.AZ-ın AzərTAc-a istinadən xəbərinə görə, iclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Prezident İlham Əliyev şəhidlərimizin yaxınlarına səbir, yaralananlara şəfa diləyib.
Dövlət başçısı deyib ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib. “Bu qanlı toqquşma bir daha göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır. Danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistanın təxribatlara əl atır. 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Ermənistan-Azərbaycan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atdı, nəticədə qarşı tərəfə məxsus bir helikopter vuruldu və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırıldı. Prezidentlərin keçən ilin dekabrında keçirilən görüşü də nəticəsiz başa çatdı".
Dövlət başçısı vurğulayıb ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə edib: "Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir".
Prezident İlham Əliyev ilin birinci rübündə bir çox xarici səfərlərdə olduğunu, ölkəmizə 10 xarici dövlət və hökumət başçısının səfər etdiyini bildirib. Bütün bunları Azərbaycanın fəal xarici siyasət yürütməsi ilə əlaqələndirib. Birinci rübdə Avropa Komissiyasının iki vitse-prezidentinin Azərbaycana gəldiyini, ABŞ-a səfəri çərçivəsində aparılan danışıqların səmərəli olduğunu, ölkələrimiz arasındakı əlaqələrin hər iki tərəf üçün yeni imkanlar açdığını, Birləşmiş Ştatların rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar verdiklərini deyən Prezident İlham Əliyev onu da bildirib ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb. Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir.