Azərbaycan baş naziri Artur Rasizadə Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə görüşüb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görüşdə Azərbaycan və Rusiya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr müzakirə olunub.Baş nazir Artur Rasizadə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycanda yüksək dəyərləndirildiyini bildirib, rusiyalı həmkarı Dmitri Medvedevin bu səfəri çərçivəsində siyasi, iqtisadi məsələlərlə bağlı aparılan danışıqların əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib. Humanitar sahədə əlaqələrə toxunan Artur Rasizadə Azərbaycanda 321 məktəbdə tədrisin rus dilində aparıldığını, ölkəmizdə Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının fəaliyyətinin münasibətlərimizin inkişafındakı rolunu qeyd edib. Azərbaycanda neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da sürətli templərlə inkişaf etdirildiyini deyən Baş nazir Artur Rasizadə kənd təsərrüfatı, turizm və digər sahələrdə Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan birgə yeni layihələr həyata keçirməyi təklif edib. Bildirib ki, Rusiya regionları ilə yaradılan gözəl münasibətlər ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasizadə vurğulayıb ki, münaqişə sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Artur Rasizadə münaqişənin həllinə dair göstərilən fəal vasitəçiliyə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirib.
“Həyatda həmişə sabit amillərlə yeniliklər bir-biri ilə birləşir. Həm Rusiya, həm Azərbaycan dəyişib, amma münasibətlərimizin amili sabit olaraq qalıb”, - deyən Dmitri Medvedev sabit olan münasibətlər amili kimi dostluğumuzu misal çəkib, bu amilin qorunub saxlanmasının vacibliyini qeyd edib. Hər iki ölkənin iqtisadiyyatlarının oxşarlığından danışan Rusiya Hökumətinin Sədri neft-qaz amilindən asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətinə toxunub. Dmitri Medvedev də birgə layihələr üzərində işləməyin önəmini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Rusiya Hökumətinin Sədri diqqətə çatdırıb ki, münaqişənin həllindən bütün region faydalanacaq və Rusiya da özünü bu regionun bir hissəsi hesab edir.