Azərbaycan adından Finlandiya parlamentinə müraciət edilib

Azərbaycan adından Finlandiya parlamentinə müraciət edilib backend

Finlandiyada fəaliyyət göstərən Finlandiya-Azərbaycan Assosiasiyası Finlandiya Parlamentinə müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması, həmçinin, Azərbaycanın dinc sakinlərinin öldürülməsi ilə bağlı doğan narahatlıq ifadə edilib.

Müraciətdə baş verən hadisələrə son qoymaq məqsədilə BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyi, Ermənistan silahlı qüvvələrinin təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarılması tələbi qeyd edilib.

Həmçinin “24 ildən artıq müddətdə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulub”-deyə müraciətdə qeyd edilib.

Müraciətin sonunda Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor nümaynədələri beynəlxalq ictimaiyyəti baş verənlərə göz yummamağa, Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb.
Diaspora