Prezident İlham Əliyev aprelin 5-də ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib. QAZILER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, Prezident İlham Əliyev Birləşmiş Ştatlara son səfərini xatırlayaraq ABŞ rəhbərliyi ilə keçirdiyi ölkələr arasında olan strateji əməkdaşlığın bir daha təsdiqi kimi dəyərləndirib.
Dövlət başçısı ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə təşkil olunan Nüvə Təhlükəsizliyi Sammitinin önəminə toxunaraq hazırda dünyada terror təşkilatları tərəfindən nüvə materiallarının əldə olunması təhdidinin meydana gəldiyi bir zamanda bu tədbirin xüsusi əhəmiyyət daşıdığını da deyib.Prezident İ.Əliyev ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Nevada ştatı ilə əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və Nevada ştatı ilə artıq dostluq münasibətlərinin qurulduğunu qeyd edib.
Nevada Ştat Assambleyasının sədri Con Həmbrik isə Azərbaycana səfərindən və əhalinin qonaqpərvərliyindən məmnun olduğunu dilə gətirib. O, Prezident İlham Əliyevə Milli Məclisdə keçirdiyi görüşlər barədə məlumat verib və Nevada ştatının parlamentinin Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini xatırladıb.