BMT baş katibi Pan Gi Mun Azərbaycana səfər edəcək.
ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, səfər aprelin sonuna planlaşdırılır. Baş katib Azərbaycandan başqa Ermənistan və Gürcüstanda da olacaq.Bu, Pan Gi Munun Azərbaycan və Ermənistana ilk, Gürcüstana isə ikinci səfəri olacaq.
“Mən dəqiq tarixi deyə bilmərəm, lakin səfər BMT-də iqlimə dair Paris sazişinin imzalanmasından sonra həyata keçiriləcək (aprelin 22-dən sonra)”, - deyə mənbə bildirib.
Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik səfəri nə təkzib, nə də təsdiq edib. "Biz bunu təsdiq edə bilmərik. Amma ümid edirəm ki, yaxın zamanda bizim bu barədə deməyə məlumatımız olacaq".
Mart ayının 11-də Gürcüstan XİN-in birinci müavini David Zalkaliani Pan Gi Munun ölkəyə rəsmi səfər edəcəyini demişdi. "XİN bu səfərin üzərində çalışır. Bu, iş prosesidir. Səfərin konkret vaxtı yaxın zamanda bilinəcək".
P.Gi Mun ilk dəfə Gürcüstana 2007-ci ildə Əfqanıstandan Avropaya gedərkən səfər edib. O zaman baş katib dövrün prezidenti olan Mixail Saakaşvili ilə görüşüb.