Birləşmiş Ştatların “Foreign Policy News” xəbər portalında “Con Kerri Azərbaycanın regionda strateji rolunu yüksək qiymətləndirib” sərlövhəli məqalə yerləşdirilib.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, materialda Azərbaycan Prezidenti İlham Əliyevin bu il martın 30-da Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşündən bəhs edilir. Portal yazır ki, görüşdə Con Kerri 2019-cu ildən başlayaraq Avropaya hər il 16 milyard kubmetr Azərbaycan qazı nəql edəcək “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Azərbaycanın səylərinə görə Prezident İlham Əliyevə təşəkkür edib.Con Kerri Azərbaycanın regionda ticarət mərkəzinə çevrilməsi istiqamətində gördüyü işləri də müzakirə edib və rəsmi Bakının NATO-nun Əfqanıstandakı missiyasına töhfəsinə, sülhyaratma əməliyyatlarında iştirakına, habelə terrorizmə qarşı qlobal mübarizədə birgə səylərinə görə təşəkkürünü bildirib.
Məqalədə daha sonra deyilir ki, dövlət katibi Con Kerri və Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. 1988-ci ildən 1994-cü ilə qədər davam edən müharibə Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğalı ilə nəticələnib və Azərbaycanda qaçqın-köçkün böhranı yaradıb. ABŞ dövlət katibi Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətində Azərbaycanın ərazi bütövlüyünün ABŞ tərəfindən dəstəkləndiyini təsdiqləyib və qoşunların təmas xəttində, habelə Ermənistan-Azərbaycan sərhədində zorakılıqla əlaqədar narahatlıq keçirdiyini bildirib. C.Kerri deyib ki, Vaşinqton bu münaqişənin beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında hərtərəfli tənzimlənməsinə nail olmaq üçün Ermənistanla və Azərbaycanla davamlı müzakirələr aparılmasının tərəfdarıdır.
Prezident İlham Əliyev regional enerji layihələrinin, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində Azərbaycanın ABŞ hökuməti tərəfindən dəstəklənməsinə görə dövlət katibi Con Kerriyə təşəkkürünü bildirib və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün Birləşmiş Ştatların vasitəçilik səylərini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməlidir.