Prezident Misirin sərhəd qoşunları komandanını qəbul edib

Prezident Misirin sərhəd qoşunları komandanını qəbul edib backend

Prezident İlham Əliyev bu gün Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Əhməd İbrahim Məhəmməd İbrahimi Misir prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanın Misirə dost ölkə olduğunu söyləyib.

Misirin iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

İki ölkənin sərhəd xidmətlərinin əməkdaşlığına toxunan Əhməd İbrahim Məhəmməd İbrahimi Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisinin Misirə, özünün isə Azərbaycana bu səfərinin ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib. Ölkələrin müvafiq qurumlarının uğurlu əməkdaşlıq həyata keçirdiklərini deyən qonaq bu əməkdaşlığın təhlükəsizlik, hərbi-texniki və digər sahələri əhatə etdiyini deyib. Azərbaycanın hərbi-texniki sahədə və təlimlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğunu vurğulayan Əhməd İbrahim Məhəmməd İbrahimi sərhəd xidmətləri arasında təcrübə mübadiləsinin önəmini də vurğulayıb. O, ölkəmizə sabitlik, firavanlıq və bütün sahələrdə inkişaf arzularını çatdırıb.

Dövlət başçısı Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini söyləyib. Prezident iki ölkənin sərhəd xidmətləri arasında uğurlu əməkdaşlığa toxunaraq, hərbi, sərhəd xidməti, təhlükəsizlik sahələrində əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidenti yüksək səviyyəli qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini deyib.

Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını Misirin dövlət başçısına çatdırmağı xahiş edib.
Diaspora