“Karadjiçə verilən cəzadan sonra Xocalıya diqqət yetirməyin vaxtıdır”

“Karadjiçə verilən cəzadan sonra Xocalıya diqqət yetirməyin vaxtıdır” backend

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) müharibə cinayətləri və bəşəriyyət əleyhinə olan cinayətlərə görə Bosniya serblərinin lideri, 70 yaşlı Radovan Karadjiçə 40 il müddətində azadlıqdan məhrumetmə cəzasının verilməsini alqışlayıb.

Qaziler.az-ın xəbərinə görə, Cəmiyyətdən APA-ya bildiriblər ki, bu məhkəmə qərarı 7 mindən artıq Bosniya müsəlmanının qətlə yetirildiyi Srebrenitsa qırğını ilə bağlıdır:

“Haaqada keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında keçirilmiş məhkəmə prosesi səkkiz il davam edib. Bu, Karadjiçın rəhbərlik etdiyi silahlı birləşmələrin 20 il öncə kütləvi qətlləri yerinə yetirərkən həyat və ya ölüm haqda qərar qəbul etdikləri saniyələrdən daha çox vaxtdır. TEAS təəssüf edir ki, Karadjiçın məhkəməsinə yetirilən diqqət eyni vaxtda baş vermiş digər vəhşiliyə – 1988–94-cü illərdə alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə şamil edilmir. Münaqişə nəticəsində hər iki tərəf 30 min insan itkisi verib. Ən böyük vəhşilik isə 1992-ci ilin 26 fevral tarixində kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, erməni işğalçı qüvvələrindən canlarını qurtarmaq üçün 613 mülki vətəndaşın həyatını itirdiyi Xocalı qırğını zamanı baş verib. Bu iki münaqişə arasında olan əsas fərq təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasındadır. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır. Təqribən 875 minə yaxın azərbaycanlı ölkə ərazisində yerləşən düşərgələrdə qaçqın və məcburi köçkün kimi yaşayır. Bu günə qədər heç bir erməni Xocalı qətliamında və ya həmin vaxt törədilmiş digər vəhşiliklərdə iştirakına görə məhkəməyə cəlb edilməyib. Ermənistan prezidenti Serj Sarkisyan keçmiş hərbi komandirdir. BMT və dünya parlamentlərinin ən ali tribunalarında nitq söyləməkdə və qəbul edilməkdə davam edir. Baxmayaraq ki, onun əlləri qana batıb”.

TEAS-ın direktoru Lionel Zetter bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi hərbi cinayətkarları məsuliyyətə cəlb etməklə mükəmməl iş görüb: “Bəlkə də indi 613 mülki şəxsin sistemli şəkildə qətlə yetirildiyi Xocalıya diqqət yetirməyin vaxtıdır”.
Diaspora