Azərbaycan, Rusiya və İran dəmiryolçuları arasında 15-16 mart tarixlərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görüləcək işlərlə bağlı İşçi Qruplarının üçtərəfli görüşü keçirilib. Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini İqbal Hüseynov, Rusiya Dəmir Yolları ASC-nin vitse-prezidenti Salman Babayev, İranın Dəmir Yolunun vitse-prezidenti Hüseyn Aşuri iştirak ediblər.
Üçtərəfli görüşdə İran-Azərbaycan-Rusiya və əks istiqamətdə yük daşımalarının təşkili, nəqliyyat-ekspeditor xidmətləri sahəsində əməkdaşlıq, Azərbaycan, İran və Rusiya dəmir yollarına yeni yük axınının cəlb edilməsi, rəqabətədavamlı tariflərin müəyyən edilməsi və digər məsələlər müzakirə olunub. İki gün davam edən tədbirin sonunda müvafiq sənədlər imzalayıb.
Qeyd edək ki, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.