“Azərbaycanlı və erməni icmaları arasında təmas və dialoq yaradılmalıdır“

“Azərbaycanlı və erməni icmaları arasında təmas və dialoq yaradılmalıdır“ backend

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

Qaziler.az bildirir ki, Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu diqqətə çatdırıb. Mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən nazir əlavə edib ki, status kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimad yaradıcı tədbir olacağını qeyd edən E. Məmmədyarov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini nəzərə çatdırıb.

Herbert Salber Avropa İttifaqının Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirərək, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb

Görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, “Cənub Qaz” dəhlizinin vacib komponentləri olan TAP” və “TANAP” layihələrinin əhəmiyyəti qeyd olunub. Eləcə də, tərəflər elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.
Diaspora