ABŞ-ın 5 ştatında keçirilən növbəti praymerizin nəticələri məlum olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Donald Tramp və Hillari Klinton İllinoys, Florida, Ohayo, Missuri və Şimali Karolina ştatlarında keçirilən praymerizlərdən qalib ayrılıblar.
Beləliklə, respublikaçıların namizədi Marko Rubio da seçki marafonunu tərk edib. Bu arada amerikalı jurnalistlər Donald Trampın artıq özünü qalib hiss etdiyi, digər ştatlardakı ilkin seçkilərə deyil, ümumxalq səsverməsinə hazırlaşdığı qənaətindədir.
Seçki marafonunun davam etdiyi bir vaxtda hazırkı prezident Barak Obama prezidentlik uğrundakı mübarizənin gedişatından narahatlığını ifadə edib: "Mən prezident olmaq yolunda mübarizənin gedişindən narahatlıq keçirən yeganə adam deyiləm. Biz artıq qadınlara, azlıqlara və bizim kimi olmayan amerikalılara qarşı yönəlmiş təhqirlər eşitməkdəyik. Buna son qoyulmalıdır. Bu cür yanaşma bizim demokratik əsasları, cəmiyyəti və iqtisadiyyatı məhv edə bilər".
Demokrat düşərgədə isə məsələ az da olsa, aydındır. Son praymerizlərin nəticələri Hillari Klintonun rəqibi Berni Sandersi aşkar fərqlə geridə qoyduğunu göstərir. Keçmiş dövlət katibi Florida, Ohayo, Şimali Karolina və İllinoysda qələbə qazanıb. Bununla da "Super Çərşənbə" adı verilən son praymeriz mübarizənin kimlərin arasında gedəcəyini demək olar ki, aydınlaşdırıb. Namizədlərdən biri olan Ted Kruz isə 5 ştatın hamısında məğlubiyyətlə üzləşib.