Xorvatiya Prezidenti: IV Qlobal Bakı Forumu böyük təşəbbüs və əla imkandır

Xorvatiya Prezidenti: IV Qlobal Bakı Forumu böyük təşəbbüs və əla imkandır backend

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun təşkilatçılarına və iştirakçılarına müraciət edib.

Qaziler.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Xorvatiya Prezidenti müxtəlif mədəniyyətlər, ölkələr arasındakı əməkdaşlığa və qarşılıqlı anlaşmaya verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. “Azərbaycanda, Bakıda multietnik inam və hörmət atmosferi var. Dördüncü Qlobal Bakı Forumu bu prinsiplərə sadiq qalmaq üçün böyük təşəbbüs və əla imkandır. Cəmiyyətin bütün sahələrində birlik və dialoqu şəxsən dəstəkləyən biri kimi, hazırda hamımızın üzləşdiyi bir çox qlobal problemlər barədə fikir mübadiləsinin aparıldığı forumları dəstəkləyirəm. Avropa İttifaqında və ondan kənarda terrorizm və ekstremizm, iqlim dəyişikliyi və mövcud təhlükəsizlik təhdidləri kimi məsələlər bizim hamımıza Qərb və Şərq arasında əlaqələrin gücləndirilməsinin vacibliyini xatırladır”, - deyə dövlət başçısı bildirib.

Prezident Kolinda Qrabar-Kitaroviç bütün sahələrdə birgə qlobal fəaliyyətin önəmli olduğunu vurğulayıb: “Xorvatiya və Azərbaycan iqtisadiyyat, təhlükəsizlik, enerji sahələrində bir çox ümumi maraqları bölüşür. Vətəndaşlarımızın rifahı üçün narahatlıq doğuran bütün sahələrdə dostluq münasibətlərimizin gücləndirilməsinin və dərinləşməsinin davam edəcəyinə ümid edirəm”.

Xorvatiya Prezidenti bir çox vacib məsələlərin müzakirə olunduğu bu tədbiri təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə uğurlar arzulayıb.
Diaspora