Baş nazir Artur Rəsizadə Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul zamanı qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu Azərbaycanla Çexiya arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün böyük potensialın mövcud olduğu vurğulanıb.Y. Hamaçek nümayəndə heyətinin tərkibində gələn iş adamlarının Azərbaycanla hərtərəfli işbirliyinə hazır olduqlarını söyləyib. A. Rəsizadə bir çox istiqamətlər üzrə Azərbaycanın etibarlı tərəfdaşı olan Çexiyanın təkcə enerjidaşıyıcıları sahəsində deyil, qeyri-neft sektorunda da Azərbaycanla geniş əməkdaşlıq edə biləcəyini bildirib. Baş nazir xüsusən maşınqayırma, hərbi-sənaye, bank-maliyyə, kənd təsərrüfatı, humanitar sfera, turizm, infrastruktur və digər sahələrdə səmərəli fəaliyyət üçün münbit şəraitin olduğunu nəzərə çatdırıb.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.