Almaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə səfərdən çəkinməyə çağırıb. Bu barədə Trend "Habertürk" qəzetinə istinadən məlumat verir. Bunda başqa, Almaniyanın Xarici İşlər Nazirliyi hazırda Türkiyədə olan ölkə vətəndaşlarını insanların çox toplaşdığı yerlərdən uzaq durmağı tövsiyyə edib.
Qeyd edək ki, Ankaradakı terror aktını törətməkdə ehtimal edilən qadın-terrorçunun adı açıqlanıb. Bu barədə Trend "Sözçü" qəzetinə istinadən məlumat verir.
Qəzetin məlumatına görə, qadın-terrorçunun PKK terror təşkilatının üzvü Səhər Çağla Dəmirin olduğu ehtimal edilir.
Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.
Ankaradakı terror aktı nəticəsində ölənlərin sayı 37-yə çatıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.
Nazirin sözlərinə görə, Ankaradakı terror aktı nəticəsində yaralanan 15 nəfərin vəziyyəti olduqca ağırdır və hazırda şəhər xəstəxanalarında 125 yaralı var.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib.