Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.
Prezident İlham Əliyev Vladimir Kulişovun ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran məsələlərin müzakirəsi və birgə fəaliyyətin əlaqələndirilməsi baxımından məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı.Əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu, öz növbəsində həm insanların ünsiyyət qurmalarına və ticarət aparmalarına, iş adamlarının əlaqələri genişləndirmək üçün sərhədi maneəsiz keçmələrinə, həm də cinayətkar elementlərin, qaçaqmalçıların, terrorçuların, narkotik alverçilərinin qarşısının alınması işinə xidmət edə bilər. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd xidmətlərinin qarşısında ümumi məqsəd və vəzifələrin durduğunu, birgə səylərin gücləndirildiyini məmnunluq hissi ilə qeyd edərək qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinin önəmini vurğuladı.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov Prezident İlham Əliyev ilə əvvəlki görüşlərini məmnunluqla xatırladı. Vladimir Kulişov azərbaycanlı həmkarları ilə görüşlərinin həm Rusiyada, həm də Azərbaycanda mütəmadi olaraq keçirildiyini qeyd etdi.
O, iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın və birgə fəaliyyətin konstruktiv xarakter daşıdığını dedi. Vladimir Kulişov ölkələrimizin sərhəd xidmətləri arasında təmasların təkcə rəhbərlik səviyyəsində deyil, eyni zamanda, ekspertlər səviyyəsində də keçirildiyini bildirərək bunun sərhəddəki şəraitə nəzarət edilməsi, ayrı-ayrı qanun pozuntularına cəhdlərin qarşısının alınması və davamlı sərhəd təhlükəsizlik sisteminin formalaşdırılmasında önəmli rol oynadığını vurğuladı.