Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov martın 7-dən 11-dək Yaponiyada səfərdə olub.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya tərəfinin dəvəti ilə həyata keçirilən səfərin məqsədi iki ölkə arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri, bu əlaqələrin daha da intensivləşməsi istiqamətində ətraflı fikir mübadiləsi aparmaq idi.Azərbaycan Prezidentinin köməkçisinin Yaponiya Nazirlər Kabineti baş katibinin müavini, parlamentin üzvü Hiroşiqe Seko ilə görüşündə ölkəmizin malik olduğu karbohidrogen ehtiyatlarının hasilatından bacarıqla istifadə edərək son illər mühüm uğurlara imza atdığı xüsusi qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan H.Seko ölkəmizin mühüm irəliləyişə nail olmasının Yaponiyada məmnunluq doğurduğunu deyib. Eyni zamanda, Azərbaycanın regionda və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını bildirib. Azərbaycan Prezidentinin köməkçisinin Yaponiyaya səfərinin əhəmiyyətini xüsusi qeyd edən H.Seko iki ölkə arasında münasibətlərin mütəmadi inkişafının məmnunluq doğurduğunu və Yaponiya tərəfinin iqtisadi əməkdaşlığı genişləndirməkdə daha maraqlı olduğunu vurğulayıb.
Yaponiyaya səfərə dəvətə görə təşəkkür edən Əli Həsənov Azərbaycan ilə bu gündoğar ölkənin ikitərəfli və beynəlxalq müstəvidə əməkdaşlığının vacibliyini vurğulayıb. Yaponiyanın Sakit okean, Azərbaycanın isə Xəzər hövzəsi və Cənubi Qafqazda əhəmiyyətli rol oynadığını, yapon şirkətlərinin ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməsinin zəruriliyini qeyd edib.
Azərbaycanın dinamik inkişafı və Prezident İlham Əliyevin yürütdüyü yeni islahat kursu haqda məlumat verən Prezidentin köməkçisi ölkəmizin həssas regionda yerləşməsinə baxmayaraq, müstəqil, fəal və sabitləşdirici xarici siyasət yürütdüyünü, dünyada nüfuzunun ilbəil artdığını diqqətə çatdırıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayan Əli Həsənov Prezident İlham Əliyevin Yaponiyanın Baş naziri Şinzo Abeni Azərbaycana rəsmi səfərə dəvət məktubunu H.Sekoya təqdim edib. Yaponiya Baş nazirinin tezliklə ölkəmizə səfərinin həyata keçiriləcəyinə ümid etdiyini və bu səfərin ikitərəfli münasibətlərin inkişafına yeni impuls verəcəyinə əminliyini bildirib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti köməkçisinin Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri, Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri Takeo Hirata, xarici işlər üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Miki Yamada və Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərində əsasən iki ölkə arasında iqtisadi, mədəni, sosial və idman sahələrində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Görüşlərdə son illər Azərbaycan ilə Yaponiya arasında rəsmi səfərlərin intensivləşdiyi xüsusi vurğulanıb. Belə səfərlərin iki dost dövlət arasında əlaqələrin inkişafına müsbət təsir etməklə yanaşı, həm də xalqlarımızın bir-birinə yaxınlaşmasında mühüm rol oynadığı qeyd olunub.
Əli Həsənovun keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.
Səfər çərçivəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiyanın Kyodo News və JIJI PRESS kimi nüfuzlu agentliklərinə müsahibə verib. Müxbirlərin suallarını cavablandıran Prezidentin köməkçisi ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, TAP və TANAP layihələri, “Şahdəniz” yatağının ikinci fazası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin perspektivləri, müasir dünyada baş verən qlobal hadisələr fonunda Azərbaycanın geosiyası mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırıb.
Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən Prezidentin köməkçisi tarixi keçmişə malik bu yaşayış məntəqələrinin görməli yerləri ilə tanış olub. Hiroşima şəhərindəki Sülh Memorial Muzeyində və Sülh parkında olan Əli Həsənov II Dünya müharibəsi qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Bununla da Azərbaycan Prezidentinin köməkçisinin Yaponiyaya səfəri başa çatıb.