“Yazısına görə təqib edilən jurnalist yoxdur”

“Yazısına görə təqib edilən jurnalist yoxdur” backend

“Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi tədbirlər vasitəsilə ildə bir neçə dəfə jurnalistlərlə görüş keçiririk”.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2015-ci il Novruz Bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin açıqlanması ilə bağlı keçirilən mərasimdə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, ictimai müzakirələr məhz qanunların müzakirəsinə mətbuat, siyasi partiya və ictimai təşkilatların nümayəndələrini dəvət etməklə, icra qurumları yanında ictimai qurumlar yaratmaqla və belə tədbirlər təşkil etməklə mümkün olur: "Biz belə tədbirlərdə medianın vəziyyəti, yaradıcılıq və digər sahələrdəki problemləri, medianın təşəbbüslərini müzakirə edirik. Azərbaycanda azad media mühiti, azad internet var. Hər bir jurnalist senzuraya məruz qalmadan materiallar, məlumatlar toplayır və ictimai müzakirəyə çıxarır. Yazısına görə təqib edilən jurnalist yoxdur. Təəssüf ki, müəyyən maraqlardan çıxış edən bəzi beynəlxalq təşkilatlar azad media mühitinin olmaması və digər bəhanələrlə müxtəlif beynəlxalq mətbuat orqanlarında çıxış edirlər. Bunlar hamısı uydurmadır. Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Biz bu sahədə tək postsovet yox, aparıcı Qərb ölkələrinin media mühiti ilə yarışmağa hazırıq”.

Ə. Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, hər kəs istənilən məmur haqqında yaza, fəaliyyətini təhlil edə bilər: “Bizim istəyimiz bu informasiya fəaliyyətinin şəffaf olması ilə bağlıdır. Hər bir jurnalist həm də bir millətin, dövlətin nümayəndəsidir. Ona görə də prezident dəfələrlə bəyan edib ki, media təmsilçilərindən həm də vətənpərvərlik nümunəsi gözləyirik. Jurnalistlərdən gözlədiyimiz vətənpərvərlik, qərəzsizlik və şəffaf fəaliyyətdir”.
Diaspora