“Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər hazırkı dövrdə ən yüksək səviyyədədir”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.O bildirib ki, dövlət başçıları arasında təmaslar nəinki artıb, bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, hətta regional məsələlərin bütün spektrini əhatə edir. D. Roqozinin sözlərinə görə, son illər dünyada baş verən iqtisadi böhranın və karbohidrogen bazarında məlum hadisələrin mövcud olmasına baxmayaraq, Rusiya-Azərbaycan hökumətlərarası komissiyası əməkdaşlığı daha da genişləndirməyə nail olub.
“Hökumətlərarası komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələri, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilir”, - deyə o vurğulayıb.
D. Roqozin bildirib ki, hazırda beynəlxalq aləmdə, Yaxın Şərq regionunda meydana gələn təhdid və təhlükələr, o cümlədən terror təhlükəsi regional səviyyədə müzakirə edilən mühüm məsələlərdir. O, Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiyanı fəal şəkildə dəstəklədiyini vurğulayaraq Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artığını məmnunluqla qeyd edib. D. Roqozin Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada çox yaxşı tanındığını, ölkəmizin məhsullarının yerləşdirilməsi üçün xüsusi anbarların yaradıldığını diqqətə çatdırıb.