Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığın strateji müstəvidə inkişafında maraqlı olduğunu qeyd edib və bu məqsədlə Strateji Tərəfdaşlıq haqqında saziş layihəsinin təşkilata təqdim edildiyini xatırladıb.
Federika Moqerini Avropa İttifaqının Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirdi, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. Ali Nümayəndə həmçinin, sosial və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı, bu istiqamətdə Avropa İttifaqının texniki dəstəyinin davam etdiriləcəyini diqqətə çatdırıb. O, Azərbaycanın Aİ-nin regionda əsas ticarət tərəfdaşı olması üçün mühüm potensiala malik olduğunu deyib və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrinin təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə həmçinin, region ölkələrinin dəmir yollarını birləşdirəcək Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi cəhətdən hər iki tərəf üçün faydalı olduğu qeyd edilib, bu istiqamətdə atılan addımların iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini əminlik ifadə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi haqqında məlumat verərək güc tətbiq edərək dövlətlərin beynəlxaq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu nəzərə çatdırıb.
Federika Moqerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsilə münaqişənin həllinə töhfə verməyə çalışdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.