1 mart tarixi Birləşmiş Ştatların siyasi təqvimində çox önəmli gün hesab olunur. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bu tarixdə 13 ştatda prezident vəzifəsinə ilkin seçkilər keçiriləcək.
ABŞ-da "Super Çərşənbə axşamı" adını almış bu günün nəticələrinə əsasən, Birləşmiş Ştatların 1 nömrəli vəzifəsi uğrunda mübarizə aparacaq namizədlər müəyyənləşəcək.Respublikaçılar arasında keçirilən son sorğunun nəticələrinə görə, Donald Tramp hazırda liderlik edir. Demokrat düşərgədə isə sabiq dövlət katibi Hillari Klinton rəqibi Berni Sandersi əhəmiyyətli dərəcədə geridə qoyub.
Bu arada son günlər Donald Trampın seçki kampaniyası qalmaqalsız ötüşmür. Sonuncu belə insident Bazar ertəsi Virciniya ştatında keçirilən mitinq zamanı qeydə alınıb. Belə ki, Donald Trampın təhlükəsizliyini təmin etmək üçün təhkim olunmuş mühafizəçi "Time" jurnalı müxbirinin boğazından yapışaraq, onu yerə yıxıb.
D.Trampın özü isə insidentə münasibət bildirməkdən imtina edib.