ABŞ Konqresində Xocalı qətliamına dair mərasim keçirilib - FOTO

ABŞ Konqresində Xocalı qətliamına dair mərasim keçirilib - FOTO backend

Xocalı qətliamının qurbanlarının xatirəsini anmaq və bu faciəyə münasibətdə ədalətin bərqərar edilməsini tələb etmək məqsədilə fevralın 25-də ABŞ Konqresində xüsusi tədbir təşkil edilib.

Qaziler.az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bu qanlı qətliamın 24-cü ildönümündə baş tutmuş və Xocalıya Ədalət kampaniyasına dəstək verən tədbirdə ABŞ Konqresmenləri və Konqresin əməkdaşları, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Ceyms Vorlik, diplomatik korpusun üzvləri, o cümlədən Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ-dakı Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimi Çikaqo Amerika-Azərbaycan Cəmiyyətinin (Azerbaijani Center of Midwest America) prezidenti Mehriban Məmmədova açaraq, Xocalı qətliamının Azərbaycan xalqının qanlı yaddaşında buraxdığı izlərdən bəhs etmiş və xalqımızın bu qətliamın qurbanlarına ədalət tələb etdiyini bildirib.

Növbəti olaraq çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqlara Xocalı qətliamının doğurduğu faciəvi nəticələri barədə danışmış və eyni zamanda bildirib ki, bu ağır qətliamın yad edilməsi əslində regionda sülhün tezliklə bərpa edilməsinin nə qədər vacib olduğunu bir daha xatırladır. Səfir üzləşdiyi bütün acılara və haqsızlıqlara baxmayaraq, Azərbaycanın gələcəyə baxdığını vurğulamış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həllinin uzaq olmadığına ümid etdiyini söyləyib.

Tədbirdə çıxış etmiş ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri Steve Cohen, Nümayəndələr Palatasının Avropa və Avrisiya üzrə alt-komitəsinin sədri Dana Rohrabacher, konqresmenlər Henry Cuellar və Donald Payne öz nitqlərində ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini qeyd etmiş və ABŞ tərəfindən bu münaqişənin nizamlanması üçün daha fəal səylərin göstərilməsinin vacibliyini bəyan ediblər.

Konqres üzvləri hər bir insan həyatının dəyərli olduğunu göstərərək, Xocalı qurbanları arasında böyük sayda qadın və uşaqların olmasının ayrıca üzüntüyə səbəb olduğunu ifadə ediblər. Onlar bu faciənin yad edilməsini mühüm saymış və bununla yanaşı münaqişə tərəflərini sülhə səsləyiblər. Konqres üzvləri bundan əlavə ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyətini qeyd edib və ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsindən yana danışıblar.

Nəhayət mərasim iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.
Diaspora