Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Qaziler.az bildirir ki, baş konsulluqdan “Report”a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək Xocalı soyqırımının təcavüzkar Ermənistan dövləti tərəfindən xüsusi amansızlıq və qəddarlıqla törədilmiş bir qətliam, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş bir cinayət olduğunu, müasir dövrdə təsəvvür edilməyən bu soyqırım nəticəsində Xocalı şəhərinin yerlə-yeksan edildiyini, günahsız qadın, qoca və uşaqların vəhşicəsinə öldürüldüyünü bildirib.Baş konsul ermənilərin tarix boyu “Böyük Ermənistan” yaratmaq xülyaları əsasında Azərbaycanla yanaşı, Urmiyə, Maku, Xoy, Səlmas şəhərlərində, Türkiyənin bir sıra vilayətlərində və digər dövlətlərdə də böyük qətliamlar, terror hadisələri həyata keçirdiyini, bu qətliamlara vaxtında siyasi-hüquqi qiymətin verilməməsinin, səbəbkarlarının cəzalandırılmamasının ermənilərin əl qolunu açdığını, müasir dövrdə terrorlara, Xocalı soyqırımı kimi qətliamların həyata keçirilməsinə səbəb olduğunu qeyd edib.
Mərasimdə İranın Şərqi Azərbaycan vilayəti valisinin müavini Əhməd Məhəmmədzadə çıxış edərək bütün şəhidlərə, həmçinin Xocalıda şəhid olanlara Allahdan rəhmət diləyib, bəşəriyyətin tarix boyu müxtəlif qanlı hadisələrin şahidi olduğunu, alahın insanlara problemləri həll etmək üçün düşüncə verdiyini, dövlətlər arasında ədalətsizliyin yaranmasının onlardan birinin artıq haqq istəyərək digərinin haqqını tapdalamasından yarandığını, ədalətin siyasətin nuru olduğunu, ədalətin olmadığı yerdə zülmətin olduğunu bildirib.
Ə.Məhəmmədzadə İran və Azərbaycanın tarix boyunca heç bir ölkəyə qarşı hücum həyata keçirmədiyini, hər zaman özünü müdafiə etdiyini, bu iki dövlətin hər zaman bir-birinin yanında və qüvvətli qalması gərəkdiyini qeyd edib.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilib və soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.