Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət göndərilib

Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət göndərilib backend

İsveç-Azərbaycan Federasiyası Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Avropa Parlamentinə, İsveç parlamentinə və İsveçin xarici işlər naziri Marqot Valströmə müraciət göndərib.

Qaziler.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müraciətdə 1992-ci ilin 26 fevralında ermənilərin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırım aktı barədə məlumat verilib, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Bu qətliamın bəşəriyyət tarixində ən qorxulu kütləvi terror aktlarından biri olmasına baxmayaraq, hələ də Avropa Parlamenti tərəfindən soyqırım aktı kimi tanınmaması ilə bağlı narazılıq ifadə olunub.

Müraciətdə, həmçinin ermənilərin1988-ci ildən bəri Dağlıq Qarabağ bölgəsində törətdiyi cinayətlər sadalanıb, Xocalı soyqırımının XX əsrin Xatın, Naqasaki, Xirosima qətliamları ilə müqayisə olunduğu bildirilib: “Beynəlxalq konvensiyalar, qəbul edilmiş beynəlxalq sənədlər Xocalı soyqırımı və buna bənzər soyqırımları pisləyir və qəbuledilməz sayır. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT Konvensiyasına əsasən Ermənistan hökuməti beynəlxalq hüquq qarşısında cavab verməyə vadar edilə bilər”.

Hazırda hakimiyyətdə olan Serj Sarkisyan, Seyran Ohanyan, eləcə də Robert Koçaryan və digər şəxslərin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğu diqqətə çatdırılıb.

Sonda İsveç-Azərbaycan Federasiyasının üzvləri adından Avropa Parlamentindən Xocalı soyqırımının tanınması və bu qətliamda günahı olan şəxslərin cəzalandırılması tələb edilib.
Diaspora