Böyük Britaniya Parlamentində Xocalı qətliamının qurbanları anılıb. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya bildirilib ki, parlamentdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və digər münaqişələrə, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətinə ictimai diqqəti çəkmək məqsədilə Böyük Britaniyada təhsil alan tələbə və gənc rəssamlar tərəfindən təqdim edilmiş əl işlərinin sərgisi və müsabiqə keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində TEAS tərəfindən təşkil edilən müsabiqə və sərgidə Böyük Britaniya Parlamentinin üzvləri, Azərbaycan və Türkiyə diasporunun fəalları, mətbuat nümayəndələri, digər şəxslər iştirak ediblər.
Münsiflər Heyəti Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter, skripkaçı və TEAS-ın incəsənət və mədəniyyət üzrə məsləhətçisi, Nyu-York Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu Səbinə Rakçeyeva və Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri millət vəkili Bob Blekmendən ibarətdir. Bob Blekmen deyib ki, dünya Xocalı soyqırımına biganə yanaşıb və təəssüf ki, bu cinayəti törədənlərdən heç kəs məsuliyyətə cəlb edilməyib: “Mən Xocalı qətliamının tanınması məqsədilə bu məsələni Böyük Britaniya Parlamentində müzakirəyə çıxarılması təklifi ilə çıxış edəcəyəm. Bu təklifdə BMTTəhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi dörd qətnaməsinin yerinə yetirilməsi və ədalətin bərqərar olunması istənilir”.
Lionel Zetter bilib ki, Xocalı faciəsi hələ də dünyada az məlum olan hadisə olaraq qalmaqdadır. Bu hadisə Sovet İttifaqının dağılmasından sonra baş verib.
Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzies isə qeyd edib ki, Azərbaycanın dostu olan və bu ölkəyə səfər etmiş bir şəxs kimi, o, Azərbaycan xalqının üzləşdiyi problemlərlə yaxından tanışdır.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və qaçqınların vəziyyətini ən yaxşı təsvir edən rəssamlara “Xocalı Sülh Mükafatı” təqdim olunub.
“Bir yerdə olmaq və birlikdə böyümək” (Staying together and growing together) adlı əsəri ilə kanadalı gənc rəssam Qordon Berqer birinci yeri tutub. İkinci yerə “Cənnət quşları” (Birds of Paradise) adlı əsəri ilə britaniyalı gənc rəssam Eileen Anderson, üçüncü yerə isə “İnterfeys” (Interface) adlı əsəri ilə cənubi koreyalı gənc rəssam Seunqjo Jeonq layiq görülüb.