“İran və Azərbaycan xalqı iki bədəndə bir ruhdur. Bizi müştərək tarix, mədəniyyət, məzhəb və din birləşdirir”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani Tehranda prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Xəzər sülh və dostluq dənizidir: “Əsrlər boyu bu dənizin ətrafındakı xalqlar birgə yaşayıblar və bu gün dənizin potensialından xalqlar bəhrələnməlidir”.H. Ruhani qeyd edib ki, İran və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıqda maraqlıdır: “İran regionda sülh və dostluğun dəstəkliyicisidir və lazım olsa, bu sahədə hər cür yardım etməyə hazırıq. Bu gün regionda böyük problemlər yaşanmaqdadır. Radikalizm və terrorizm regionda böyük problemlərdir və bu problemlərlə mübarizə aparmaq lazımdır. Biz regionda sülh və dostluğun hökm sürməsini istəyirik. İran və Azərbaycan bir-biri ilə səmimi və yaxın əlaqələr qurmaq niyyətindədir və açıq şəkildə elan edirik ki, üçüncü ölkənin iki xalqın əlaqələrinə problem yaratmasına imkan verməyəcəyik. İran bölgə ölkələri ilə birlik, qardaşlıq və dostluq yolunu davam etdirir”.
H. Ruhani İranın dinc məqsədli nüvə proqramı hüququnu beynəlxalq qurumlarda dəstəklədiyi üçün Azərbaycana təşəkkür edib və deyib ki, İran beynəlxalq qurumlarda həmişə Azərbaycanın hüquqlarını dəstəkləyir: “Bütün ölkələr sülhyönümlü nüvə texnologiyasından istifadə edə bilər və icazə verməməliyik ki, bəzi ölkələr bu texnologiyanı öz inhisarında saxlasın. Düşünürük ki, sanksiyalar kimi paslanmış silahlar daha işləməz və dünyada sülh, sabitlik və inkişaf əl-ələ verməlidir”.