Daşqın Şikarov BƏƏ-nin vitse-prezidenti ilə görüşüb

Daşqın Şikarov BƏƏ-nin vitse-prezidenti ilə görüşüb backend

Fevralın 15-də səfir Daşqın Şikarov öz etimadnamələrini Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubayın hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktuma təqdim edib. Lent.az-ın məlumatına görə, səfir D. Şikarov fəaliyyəti müddətində Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinin daha da möhkəmləndirilməsində və inkişaf etdirilməsində əlindən gələni edəcəyini vəd edib, Azərbaycanın dost Ərəb Əmirlikləri ilə əməkdaşlığı bütün sahələrdə genişləndirmək niyyətində olduğunu bildirib.

Öz növbəsində Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktum səfirə yeni vəzifəsində uğurlar diləyərək, fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafında öz adından və başçılıq etdiyi federal hökumətin adından dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Etimadnamələrin təqdimat mərasimindən dərhal sonra səfir D. Şikarov mərasimdə iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. D. Şikarov məhz dost ölkəyə təyinat almasından qürur hissi duyduğunu vurğulayıb, ölkələrimiz arasında mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün bütün səylə çalışacağını qeyd edib.

Xarici işlər naziri D. Şikarova uğurlar arzu edərək, dost Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına dəstək verməyə hazır olduğunu nəzərə çatdırıb.
Diaspora