Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi regional təhlükəsizlik üçün təhdiddir

Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi regional təhlükəsizlik üçün təhdiddir backend

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyaya səfəri çərçivəsində Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxış edib.

Araz Əzimov Cənubi Qafqazda hazırkı təhlükəsizlik çağırışları barədə danışıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Minsk qrupunun fəaliyyətinin canlandırılmasının vacibliyini diqqətə çatdırıb. Nazir müavini münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğal edildiyini, yüz minlərlə vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə salınaraq öz əsas insan hüquq və azadlıqlarından məhrum edildiyini vurğulayıb. O, Azərbaycanın münaqişədən əziyyət çəkən ölkə kimi problemin tezliklə həllində ən maraqlı tərəf olduğunu qeyd edib. Beynəlxalq hüququn norma və prinsiplərindən, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həllinə dair qəbul edilmiş çoxsaylı sənədlərdən irəli gələrək, problemin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb. Nazir müavini Azərbaycanın ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi və işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyətlərə son qoyulması istiqamətində ikitərəfli və çoxtərəfli formatlarda bütün vasitələrdən bundan sonra da istifadə edəcəyini vurğulayıb.

Araz Əzimov ölkəmizin ATƏT-in Minsk prosesinə sadiq olduğunu vurğulayıb və münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə təsdiq edildiyi kimi, yeganə beynəlxalq format olan bu formatdan tam istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi və hazırkı status-kvo regional təhlükəsizlik və regional layihələrin həyata keçirilməsi üçün təhlükə yaradır”, - deyən A.Əzimov Minsk qrupuna üzv olan bütün dövlətləri münaqişənin həlli üçün aktiv fəaliyyət göstərməyə çağırıb. O, münaqişənin tezliklə həllinə nail olmaq üçün Ermənistan üzərində beynəlxalq təzyiqin gücləndirilməsinin zəruriliyini vurğulayıb, bu ölkənin işğala, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinə əsaslanan siyasətinin heç bir perspektivinin olmadığını deyib.

Nazir müavini Azərbaycanın beynəlxalq terrorizm, narkotik vasitələrin ticarətinə və radikallaşma kimi transmilli təhlükələrə qarşı mübarizədə bundan sonra da səylərini davam etdirəcəyini bildirib. O, həmçinin qeyd edib ki, iqtisadi islahatlar və investisiyalar üçün münbit şəraitin yaradılması Azərbaycan üçün prioritet istiqamətlərdir.

Elektron hökumət xidmətlərinin inkişafı sayəsində Azərbaycanın korrupsiya ilə mübarizədə qazandığı uğurlardan bəhs edən nazir müavini ölkəmizin ATƏT-in digər iştirakçı dövlətləri ilə bu sahədə təcrübəsini paylaşmağa hazır olduğunu bildirib. A.Əzimov əlavə edib ki, regional və transregional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan ATƏT məkanında iqtisadi əlaqələrin təşviqinə praktiki dəstək verə bilər.

Azərbaycanın paytaxtı Bakının aprel ayında BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyinə diqqəti cəlb edən A.Əzimov bu tədbiri ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqun inkişafına verəcəyi növbəti töhfə kimi dəyərləndirib. Nazir müavini tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının dəyərləri, sosial praktika və vərdişlərinin vəhdəti əsasında formalaşdığını vurğulayaraq, müxtəlif millətlərin və etnosların nümayəndələrinin dinc birgəyaşayışı üçün mühüm şərtləri yaradan multikulturalizmin təşviq olunmasının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.
Diaspora