“Biz Moskvada Rusiya-Türkiyə münasibətlərində baş verənlərin fonunda Azərbaycanın həssaslığını yaxşı anlayırıq”. APA-nın məlumatına görə, bunu “Komsomolskaya pravda” nəşrinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarov səviyyəsində səsləndirilən mövqelərdə “vasitəçilik” ifadəsindən istifadə olunmayıb: “Onlar Azərbaycana eyni dərəcədə yaxın olan iki ölkə arasındakı bu mürəkkəb vəziyyətin nizamlanması üçün əllərindən gələni etməyə hazır olduqlarını nəzakətlə bildiriblər”.“Mən deyə bilərəm ki, biz bu gün bu problemin həllində Azərbaycanın imkanlarından istifadə etməsinə ehtiyac duymuruq. Azərbaycan bu məsələyə anlayışla yanaşır. Gələcəkdə nə baş verəcəksə, bunu həyat göstərəcək”,- deyə Doroxin müxbirin Azərbaycan rəhbərliyinin münaqişənin həllində vasitəçi roluna dair sualına cavab verərkən bildirib.