Xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı direktoru Şamşad Axtarı qəbul edib. XİN-in mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın BMT, onun ixtisaslaşmış təşkilatları və regional qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, bu səpkidə olan səfərlərin əlaqələrin perspektiv inkişafı baxımından faydalı olduğunu bildirib.
Nazir qeyri-neft sektorunun inkişafının hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyərək, informasiya və kommunikasiya texnologiyaları, multi-modal nəqliyyat infrastrukturu və digər sahələrdə İqtisadi və Sosial Komissiya çərçivəsində üzv dövlətlər ilə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu da vurğulayıb.Komissiyanın hədəflərindən biri olan regional əlaqələr və bağlantıların inkişafı istiqamətinin Azərbaycan üçün əhəmiyyətindən bəhs edən E. Məmmədyarov deyib ki, Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də Trans-Avrasiya Super İnformasiya Magistrali (TASİM) layihələri bu baxımdan çox önəmlidir və Komissiyanın bu layihələrə dəstəyi hərtərəfli regional əməkdaşlıq üçün geniş imkanlar açacaq.
Daha sonra İcraçı direktor Şamşad Axtar Komissiya ilə Azərbaycanın əlaqələrindən bəhs edərək, iqtisadi və sosial inkişaf üzrə Azərbaycanın özünəməxsus təcrübəsinin təqdirəlayiq olduğunu qeyd edərək inkişafın Azərbaycan modelinin müxtəlif regional müstəvidə daha geniş təqdim olunması üçün Azərbaycanı Komissiyanın cari il üçün nəzərdə tutulmuş yüksək səviyyəli tədbirlərində iştiraka dəvət edib.
Görüşdə həmçinin Azərbaycan və BMT arasında münasibətlərə və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiya çərçivəsində regional əməkdaşlıq layihələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.