Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ikinci iş günündə Azərbaycanla bağlı iki mühüm məruzə ətrafında müzakirələr aparıldı.
Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ikinci iş günündə Azərbaycanla bağlı iki mühüm məruzə ətrafında müzakirələr aparıldı. Böyük Britaniyadan olan deputat Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzələrinin müzakirələri birgə keçirildi. Təəssüf ki, belə mühüm əhəmiyyət daşıyan iki məruzəyə cəmi iki saatdan da az vaxt ayrıldı.Beş siyasi qrupun rəhbərinin çıxışından sonra cəmi beş deputata söz verildi və müzakirələr qapandı. Sanki prosesi tez-tələsik başa vurmaq tapşırığı verilmişdi. Azərbaycan nümayəndə heyətindən yalnız Rafael Hüseynova ayrılmış üç dəqiqə ərzində mövqeyimizi ifadə etmək imkanı verildi.
Əvvəldə çıxış edənlərin əksəriyyəti də sanki Azərbaycana qarşı mənfi mövqeyi irəlicədən bəlli olan fransalı deputat Rene Ruke kimiləri idi. Deputat R.Hüseynov ilk növbədə ondan əvvəl çıxış edənlərin bir qisminin bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olduğundan Avropa Şurasında belə bir məruzənin müzakirə edilməsinin düzgün olmadığı çağırışlarına münasibət bildirərək dedi: “Ermənistan hərbi qüvvələri Azərbaycanla həmsərhəd bölgələrdə gərginliyi artırmaqda davam edirlər. Demək olar hər gün atəş açılır, yeni-yeni qurbanlar olur. Bunlar elə narahat məsələlərdir ki, onlar barədə hər an bəhs etmək lazımdır və hər bir beynəlxalq təşkilat bu ağır problemin həllinə öz töhfəsini verməyə çalışmalıdır. Bu məsələnin həlli ilə bağlı yalnız ATƏT-in Minsk qrupunun məşğul olmalı olduğunu iddia etmək qətiyyən qəbul edilə bilməz. ATƏT-in ATƏT yeri var, Avropa Şurasının da öz yeri var. Ermənistan da, Azərbaycan da Avropa Şurasına üzv qəbul olunarkən bu münaqişənin həlli ilə bağlı konkret öhdəliklərə imza atıblar. Bu öhdəliyin varlığı artıq “Avropa Şurası bu məsləyə qarışıb-qarışmamalıdır” sualına birmənalı cavabdır”.
Daha sonra Rafael Hüseynov təqdim olunan məruzələrin və məruzəçilərin ayrı-ayrı cəhətlərinə diqqət yönəldərək bildirdi: “Avropa Şurasında müzakirəyə çıxarılan hər məruzə uzun araşdırma və təhlillərin nəticəsi olaraq yaranır. Təbii ki, mühüm bir problem üzrə məruzəni belə bir mötəbər auditoriyaya təqdim edən şəxslərdən mükəmməl siyasi və elmi səviyyə tələb olunur. Lakin hərdən elə mövzular da işlənilir ki, onlardan yazmaq, ümumən belə problemlər üzrə məruzəçi təyin edilməkdən ötrü siyasi dərinlik, geniş erudisiya azlıq edir. Çox həssas olan bir sıra mövzular var ki, həmin məsələlər üzrə məruzəçiliyi boynuna götürmək üçün həm də iradə, qətiyyət, cəsarət lazımdır. Robert Volter və xanım Milisa Markoviçə bu baxımdan Assambleya üzvlərinin üçqat təşəkkürü düşür. Çünki iki münaqişə edən tərəf arasında münsif missiyasını üzərinə götürmək, balanslaşdırılmış, obyektiv, ədalətli məruzə hazırlamaq yolunda çalışmaq hər iki məruzəçinin, sözsüz ki, mərd, cəsur, ötkəm şəxsiyyətlər olmasına dəlalət edir. Lakin üçqat təşəkkürün səbəbi odur ki, indiki halda həmin münaqişə tərəflərindən biri işğalçı Ermənistandır. Ermənistanın isə necə ipə-sapa yatmayan, dövlətçilik iradəsi öz əlində olmayan, inadla “ağ”a “qara” deyən, ona sərf etməyən məruzəçilərə müxtəlif kanallar və vasitələrlə aramsız həmlələr təşkil edən, onları ədalətli, obyektiv mövqelərindən yayındırmaq üçün hər fənddən istifadə edən bir tərəf olması bizə uzaq və yaxın tarixdən yaxşı bəllidir.
İndi biz burada müzakirələr apardığımız əsnada da Ermənistan hərbi birləşmələri işğal ərazilərini genişləndirməkdən ötrü sərhəd boyu Azərbaycanın dinc əhalisini atəşə tutmaqdadır.
İşğal altındakı hər cür beynəlxalq nəzarətdən kənar ərazilərdə Ermənistan terrorçu düşərgələr yerləşdirir, narkotiklərin əkib-becərilməsi və tranziti ilə məşğul olur. Hər il məhsulu yığdıqdan sonra isə həmin ərazilərdə izi itirmək üçün yanğınlar törədirlər. Ermənistan yenə özünə xas olan riyakarlıqla bütün bunları danır. Ermənistan Azərbaycan meşələrini vəhşicəsinə qırır, öz ərazisindən keçib Azərbaycana axan çayları məqsədli şəkildə bakterioloji, kimyəvi, nüvə tullantıları ilə zəhərləyir. Sərsəng su anbarının qarşısını nağıllardakı əjdahalar kimi kəsərək yay-qış yüz minlərlə insanın həyatını fəlakət həddinə çatdırır. Bunlarla əlaqədar inkaredilməz dəlillər, sübutlar ortaya qoyulur, Ermənistan deyir “xəbərim yoxdur”. Müzakirə etdiyimiz hər iki məruzədə bu cür dəhşətli faktların yalnız kiçik bir hissəsi əhatə edilib. Yazılan hər cümlədə, hər ifadədə hiss edilir ki, yüz dəfə ölçülüb-biçilib. Oxuduqca anlayırsan ki, məruzəçilər nə Ermənistanın, nə Azərbaycanın tərəfindədirlər. Onlar həqiqət, ədalət, obyektivlik mövqeyindən çıxış edirlər. Deməli, bu xeyirxah araşdırmaları, onun mahiyyəti etibarı ilə həm Ermənistanın, həm Azərbaycanın tərəfindədirlər, həm o, həm bu ölkəyə kömək etmək istəyirlər. Ermənistan isə gözlərini kip-kip yumaraq, qulaqlarını bərk-bərk qapayaraq həqiqətləri görmək, eşitmək istəmir. Amma unudurlar ki, həqiqəti görmək, eşitmək istəməmək həqiqətin olmaması demək deyil. Reallıq hissini itirmiş Ermənistanın idarəçilərinə səslənirəm: qəflət yuxusundan ayılın, gözlərinizi və qulaqlarınızı açın, bu gözüyumulu gediş sizi artıq lap yaxınlıqda olan dərin uçuruma aparır. Gözlərinizi açanda bu gün müzakirə edilən məruzələri də ehtirassız, soyuq başla, diqqətlə oxuyun. Bu mətnlərdə gələcək taleyinizlə bağlı çoxlu faydalı məqamlarla rastlaşacaqsınız”.
Sanki bütün proseslər yazılmış ssenari üzrə gedirdi. Robert Volterin hazırlamış olduğu məruzənin yenidən komitəyə qaytarılaraq təzədən işlənməsi məsələsi səsə qoyulsa da, bu təklif keçmədi. O zaman ümumən məruzənin qətnaməsi səsverməyə çıxarıldı və 66 nəfər lehinə, 70 nəfər əleyhinə, 45 nəfər bitərəf qalmaqla layihə qəbul edilmədi. İkinci məruzə isə 98 nəfər lehinə, 71 nəfər əleyhinə, 40 nəfər bitərəf olmaqla qəbul edildi. Yəni, bir növ Avropa Şurası müəyyən mənada balans gözləmək xətti tutaraq əslində obyektivlik və ədalət prinsiplərindən növbəti dəfə yayınmış oldu və deputat Rafael Hüseynovun Avropa Şurası kürsüsündən ifadə etdiyi kimi növbəti dəfə həqiqətə göz yumuldu.