Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 5-də Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb.
QAZİLƏR.AZ saytının AzərTAc-a istinadən verdiyi məlumata görə, nazir Canfranko Ravazi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayaraq onun ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəki fəaliyyətini yüksək qiymətləndirdi.Canfranko Ravazi humanitar və mədəniyyət sahələrində dövlətlərimiz arasında həyata keçirilən layihələrin nadir xarakter daşıdığını bildirdi. O, Roma katakombalarının, Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması, həmçinin digər layihələrin icrası ilə bağlı Mehriban Əliyevanın göstərdiyi xidmətləri müsəlman ölkəsi olan Azərbaycan tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirdi. Canfranko Ravazi ölkəmizdəki tolerantlığın və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfənin Müqəddəs Taxt-Tac tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Vatikan ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirdi. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac ilə bağlı bir sıra layihələrdə iştirakının bundan sonra da davam etdiriləcəyini vurğuladı. Qeyd etdi ki, bu layihələrin təkcə xristian dünyası üçün yox, bütün bəşəriyyət üçün xüsusi dəyəri var. Azərbaycanın birinci xanımı ölkəmizin bundan sonra da bu cür layihələrin icrasında iştirak etməyə sadiq qalacağını dedi.
Mehriban Əliyeva Canfranko Ravazini bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvət etdi.