Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda “Maykrasoft Korporeyşn” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub. Axar.az xəbər verir ki, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub.
“Maykrasoft Korporeyşn” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulandı. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirilib. Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edilib.
Söhbət zamanı Azərbaycanla “Maykrasoft Korporeyşn” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.