Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürkü qəbul edib.
Lent.az-ın Müdafiə Naznin mətbuat xidmətinə istindən məlumatına görə, A.Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.Sonra A.Öztürkün Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi olub. Protokola uyğun olaraq o, Şərəf Kitabına ürək sözlərini yazıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Z. Həsənov Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. Müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlıq planına əsasən keçən il Azərbaycan səmasında, hazırda isə Türkiyədə keçirilən Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin təcrübə toplanılması baxımından mühüm olduğunu qeyd edərək bu sahədə əlaqələrin daha da genişləndirilməsini xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z. Həsənov Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həllinə nail olunmasının vacibliyini bildirib.
A. Öztürk isə dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşqun da iştirak edib.