Türkiyə Baş naziri Əhməd Davudoğlu ingilis həmkarı Devid Kemeronla Londonda görüş keçirib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, İngiltərədə rəsmi səfərdə olan Davudoğlu Türkiyənin İngiltərə ilə mükəmməl əməkdaşlıq etdiyini vurğulayıb.“Böyük Britaniya ilə bir çox sahədə önəmli müttəfiqik. Terrora qarşı apardığımız mübarizəyə görə göstərdiyiniz dəstəyə və Sultanəhməddə baş verən faciədən dolayı verdiyiniz başsağlığına görə təşəkkür edirəm. Bölgəmizdə böyük təhlükə var. Bu təhlükə sadəcə Türkiyəyə qarşı deyil. Eyni zamanda Avropa və qlobal sferaya Suriyadan böyük təhlükə gəlir. Suriyaya Yardım Konfransını təşkil edəcəyinizə görə təşəkkür edirəm”, - deyə Davudoğlu bildirib.
Davudoğlu onu da vurğulayıb ki, qarşıda böyük çətinliklər olsa da, onun həlli yolları da var:
“Bu il Kipr probleminin sizin dəstəyinizlə həll edilməsini istəyirik. Avropa Birliyi ilə Türkiyə arasındakı əlaqələrdən dolayı verdiyiniz dəstəyə görə də minnətdarıq. Sizi may ayında ölkəmizdə görmək istəyirəm”.
Kemeron da öz növbəsində Davudoğlunun bu səfərinə görə ona təşəkkürünü bildirib:
“İŞİD və terror təhlükəsi ilə üz-üzəyik. Suriyada tez bir zamanda dəyişiklik olmalıdır. Biz bir çox sahədə əməkdaşlıqlara hazırıq”.