ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Munla görüşüb.
QAZİLƏR.AZ xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sisteminə daxil olan təşkilatlar, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.Nazir Pan Gi Muna Azərbaycanın qlobal sülh və dialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək onu cari ilin 18-19 may tarixində Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Baş katib Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratdığını qeyd edib.
Pan Gi Mun 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcəyini bildirib.