Prezident İlham Əliyev yanvarın 12-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, səfir Lahssan Boufares fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezidentə təqdim edib.
Sonra prezident İlham Əliyev səfirlə söhbət edib. O, Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib. Dövlət başçısı hər iki ölkənin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğulayıb, hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq etdiyini bildirən prezident Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər göstərdiyini deyib. Dövlət başçısı, həmçinin ölkələrimizin təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində də əməkdaşlığının vacibliyini də qeyd edib. Prezident İlham Əliyev səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.Səfir Lahssan Boufares Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Prezident İlham Əliyev daha sonra Monqolustan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Badamdorj Batxişiqin etimadnaməsini qəbul edib.