Bu gün Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər çərçivəsində Azərbaycan-Çexiya biznes forumu keçirilib.
“APA-Economics”in məlumatına görə, biznes forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilib. Biznes forumda hər iki tərəfdən sənaye, bankçılıq, İKT, turizm, kənd təsərrüfatı, logistika, konsaltinq, tikinti, mühəndislik, maşınqayırma sahələrində fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın inkişafında dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya fəaliyyət göstərir: “Ölkələr arasındakı ticarət dövriyyəsində dinamik artım müşahidə edilir və 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Azərbaycanda 16 Çexiya kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın inkişafı üçün geniş imkanlar var”.
Nazir deyib ki, hər iki ölkə sənaye, kənd təsərrüfatı, İKT, turizm sahələrində, o cümlədən Çexiya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında iştirak edə, investisiya qoyuluşu sahəsində məlumat mübadiləsi həyata keçirilə bilər. Azərbaycan şirkətlərinin xarici ölkələrdə uğurla fəaliyyət göstərdiyini və investisiya qoyuluşu həyata keçirdiyini qeyd edən nazir biznes forum və işgüzar görüşlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Ş. Mustafayev bildirib ki, bu gün Çexiya ümumilikdə Azərbaycan iqtisadiyyatına 1,5 mlrd. dollardan çox investisiya yatırıb: “Çexiya şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən 6 layihənin ümumi dəyəri 2 milyard dollar təşkil edəcək. O, Azərbaycanla Çexiya arasında müştərək şirkətin yaradılmasını və Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixrac edilməsini təklif edib. Onun sözlərinə görə, belə bir müştərək şirkətin yaradılması iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq”.
Nazir Azərbaycan iqtisadiyyatı, Trans-Anadolu (TANAP) , Trans-Adriatik (TAP) qaz boru kəmərləri, hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə çexiyalı həmkarına ətraflı məlumat verib, ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunu, ölkəmizin bir sıra iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. O qeyd edib ki, bütün bunlar göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir.
Y. Mladek isə ölkələr arasında əlaqələrin inkişaf etdiyini, Azərbaycan iqtisadiyyatının inkişafından məmnunluğunu ifadə edib. Çexiya iqtisadiyyatı, Azərbaycan - Çexiya iqtisadi əlaqələri barədə məlumat verən Y. Mladek çex şirkətlərinin Azərbaycanda da uğurla fəaliyyət göstərdiyini bildirib.
O qeyd edib ki, iş adamları arasında keçirilən görüşlər və biznes forumlar ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verir: “Çexiya Azərbaycan kənd təsərrüfatı məhsulların ölkəsinə ixracında, Çexiya isə özünün istehsalı olan yüksək keyfiyyətli kənd təsərrüfatı texnikasını məhsullarını təklif edə bilər”.
Nazir qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təminatında olduqca mühüm tədarükçü rolu oynayır: “Ötən il Çexiyanın idxal etdiyi neft və neft məhsullarının 31,5%-i Azərbaycanın payına düşür. TANAP və TAP Çexiya üçün də olduqca dəyərli layihələrdir. Azərbaycan Çexiya üçün Asiyaya açılan pəncərə və Asiya bazarına çıxış rolu oynaya bilər. Həmçinin Çexiya Azərbaycan üçün Avropa Birliyi üçün açılan mühüm imkanlar deməkdir”.
Tədbirdə Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycanın iqtisadiyyatına, eləcə də Çexiya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib.
Çexiyanın Ticarət və Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Frantişek Masopustas Çexiyanın investisiya mühiti və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.