Ermənistan Prezidentinin rəsmi internet səhifəsində və Konstitusiya Məhkəməsinin saytında ölkənin Müstəqillik Bəyannaməsinə yerləşdirilən keçidlər açılmır.
Trend xatırladır ki, hər iki dövlət qurumunun saytında Konstitusiya mətnində Müstəqillik Bəyannaməsinə aktiv keçid mövcuddur. Lakin həmin keçidlərə daxil olmağa cəhd göstərildikdə istifadəçilər 404 xətası ilə qarşılaşırlar.
Hər iki keçid Ermənistan parlamentinin rəsmi internet səhifəsinə yönləndirilir. Ancaq parlamentin saytında müvafiq səhifə mövcud olmadığından sənədə daxil olmaq mümkün deyil.
Bunun parlamentin internet səhifəsinin yenilənməsi ilə əlaqədar texniki nasazlıq yaxud düşünlümş qərar olması barədə rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad yer alır. Həmin Bəyannamədə Ermənistanın Azərbaycan ərazilərinə qarşı açıq ərazi iddiaları yer alan müddəa da mövcuddur.
Ermənistanın yeni Konstitusiyasında həmin sənədə istinadın aradan qaldırılması Azərbaycanla sülh sazişinin imzalanmasında əsas maneəni aradan qaldıra bilər.

