“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib

“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib backend

""Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Belə ki, Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində tədbirlər görməlidirlər.

Müvafiq dövlət qurumları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında, altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası ilə bağlı tədbirlər görməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Əsasnaməyə görə, informasiya sisteminin formalaşdırılmasının məqsədi xarici ticarətin tənzimlənməsi sahəsində dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsindən, dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsindən, o cümlədən idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə vahid giriş imkanı əsasında tam rəqəmsal mühitin yaradılmasından, yük axınlarının “ağıllı” idarə edilməsindən, eləcə də bu sahə üzrə təhlillərin aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

İnformasiya sistemində yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər qanunla qadağan olunmayan mənbələr (dövlət büdcəsinin vəsaitsi istisna olmaqla) hesabına maliyyələşdirilir.

İnformasiya sisteminin strukturuna aşağıdakı altsistemlər daxildir:

“Ticarət bələdçisi” altsistemi;

“Dövlət xidmətləri” altsistemi;

“Biznes xidmətləri” altsistemi;

“Təhlil və hesabatlılıq” altsistemi;

“Məlumatlandırma” altsistemi;

“İdarəetmə” altsistemi.

“Ticarət bələdçisi” altsistemi vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatlarının həyata keçirilməsi, sərhədkeçmə prosedurları (ölkəyə gəlmə, qeydiyyat və ölkədən getmə), daşıma qaydaları və şərtləri, habelə tələb edilən sənədlər (məlumatlar) haqqında məlumatlandırma, informasiya sorğularının göndərilməsi və cavablandırılması təmin edilir.

“Dövlət xidmətləri” altsistemi vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları üzrə sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətləri ilə bağlı müraciətlərin qəbulu, emal edilməsi üçün aidiyyəti dövlət informasiya sistemlərinə və ehtiyatlarına göndərilməsi, habelə müraciətlərin normativ hüquqi aktlara uyğun olaraq cavablandırılması təmin edilir.

“Biznes xidmətləri” altsistemi vasitəsilə ekspeditorlar və daşıyıcılar barədə məlumatlara əlçatanlıq, onlarla müştərilərin əlaqələndirilməsi, həmin subyektlər tərəfindən göstərilən xidmətlərə müraciətlərin qəbulu və cavablandırılması, bu subyektlər arasında mülki-hüquqi müqavilələrin elektron qaydada bağlanılması, nəqliyyat vasitələrinə və daşınan mallara dair tələb olunan sənədlərin və məlumatların elektron qaydada tərtib edilməsi, bağlanılmış müqavilələrin və tərtib edilən sənədlərin (məlumatların) təqdim olunması, daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi, eləcə də bankların, bank olmayan kredit təşkilatlarının və sığortaçıların informasiya ehtiyat və sistemlərinə keçid verilməklə banklar, bank olmayan kredit təşkilatları və sığortaçılar barədə məlumatlara əlçatanlıq, onlarla müştərilərin əlaqələndirilməsi təmin edilir.

“Təhlil və hesabatlılıq” altsistemi vasitəsilə idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatları, həmin əməliyyatlarla əlaqədar informasiya sisteminə daxil edilmiş (ötürülmüş) sənədlərin (məlumatların), eləcə də aparılan ödənişlər barədə sənədlərin (məlumatların) təhlili və işlənilməsi, habelə statistik məlumatların və hesabatların əldə olunması təmin edilir.

“Məlumatlandırma” altsistemi vasitəsilə istifadəçilərə məlumat xarakterli elektron bildirişlərin göndərilməsi təmin edilir.

“İdarəetmə” altsistemi vasitəsilə sahibin, operatorun, istifadəçilərin və iştirakçıların informasiya sistemindən istifadə üzrə rollarının idarə edilməsi təmin edilir.