Nazir Serbiya səfirinə "Dostluq" ordenini təqdim etdi - FOTO 

Nazir Serbiya səfirinə "Dostluq" ordenini təqdim etdi - FOTO  backend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb.

Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu iki ölkə arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri, mövcud əməkdaşlıq gündəliyi müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək, siyasi dialoqun, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb.

İki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyinin əhəmiyyəti qeyd olunub.

Görüşdə son illərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, enerji, nəqliyyat və logistika, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Görüşdə, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə mövqelərin uzlaşdırılması və qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri nəzərdən keçirilib.

Görüş zamanı, Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfirə gələcək işlərində uğurlar arzulanıb. Səfir Draqan Vladisavlyeviç Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstəyə və əməkdaşlığa görə təşəkkürünü bildirib. Səfir Azərbaycandakı diplomatik fəaliyyətini məmnunluqla xatırladığını və Azərbaycan-Serbiya dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.