Səudiyyə İranla hava əlaqəsi və ticari münasibətləri də kəsdi

Səudiyyə İranla hava əlaqəsi və ticari münasibətləri də kəsdi backend

Yaxın Şərqdə təhlükəli vəziyyət yaranıb. Səudiyyə Ərəbistanı, ardınca isə onun yaxın müttəfiqləri Bəhreyn və Sudan İranla diplomatik əlaqələri kəsiblər. Bu, Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumla əlaqələndirilib.



APA TV-nin xəbərinə görə, ötən gün şiə müsəlmanları bütün Yaxın Şərq ölkələrində tanınmış şiə din adamı Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına qarşı etiraz aksiyaları keçiriblər. İranın paytaxtı Tehranda isə etiraz aksiyaları bir neçə gündür səngimir. Ötən günkü aksiyada bəzi iştirakçıların kəfən geyinməsi diqqəti cəlb edib:

Ötən axşam məlum olub ki, Səudiyyə Ərəbistanı İranla hava əlaqəsi və ticari münasibətləri də kəsir.

İranlı diplomatlara verilən 48 saatlıq müddət bu gün başa çatır. Bu müddətdən sonra Səudiyyə Ərəbistanı ərazisində bir iranlı diplomat da qalmamalıdır.

Yanvarın 10-da Misirin paytaxtı Qahirədə Səudiyyə Ərəbistanı və İran münasibətlərindəki böhranla əlaqədar Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin gərginləşməsinə şiə din xadimi Nimr ən-Nimrin edamı səbəb olub. Ər-Riyad onu terroru dəstəkləməkdə ittiham edib.

Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər sonuncu dəfə bərpa olunduqdan sonra 28 il davam edib. Sonuncu dəfə iki ölkə diplomatik əlaqələri 1988-ci ildə kəsmişdi. 1987-ci il iyulun 31-də Həcc ziyarəti zamanı iranlı zəvvarlar nümayiş keçirmişdilər. Səudiyyə polisi nümayişi dağıtmaq üçün odlu silahdan istifadə etmişdi.
Diaspora