Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir.
Qaziler.az bildirir ki, bunu apa-ya Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.
Diplomat bildirib ki, hazırda Azərbaycan-Qırğızıstan biznes forumunun təşkili üzərində iş aparılır. Onun sözlərinə görə, forumun noyabrın sonu – dekabrın əvvəlində keçirilməsi planlaşdırılır.
“Biz Azərbaycan-Qırğızıstan biznes forumunu təşkil etmək və eyni platformanı Qırğızıstanda da yaratmaq istəyirik. Məqsədimiz Azərbaycan biznesini Qırğızıstan iqtisadiyyatı ilə tanış etmək, sahibkarlarımız arasında əlaqələri genişləndirməkdir. Çünki Azərbaycanda Qırğızıstanın iqtisadi potensialı və istehsal etdiyi məhsullar haqqında məlumat azdır”, – səfir qeyd edib.
Mamıtkanov bildirib ki, Qırğızıstanın ixracın təşviqi üzrə dövlət qurumu “Qırğızeksport” da bu prosesdə iştirak edir. Tərəflər biznes nümayəndələri ilə görüşərək ticarətin genişlənməsinə mane olan məsələləri və onların həlli yollarını müzakirə etməyi planlaşdırırlar.
Səfirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı iki ölkə arasında əmtəə dövriyyəsinin ən azı 200 milyon ABŞ dollarına çatdırılması hədəfi müəyyənləşdirilib.
“Bu hədəfə çatmaq üçün ciddi səylər göstərməliyik. Hazırda Azərbaycanda Qırğızıstan kapitalı ilə 74 təsərrüfat subyektinin qeydiyyatdan keçdiyi bildirilir. Lakin əmtəə dövriyyəsi arzu olunan səviyyədə artmır. Biznes nümayəndələri ilə görüşərək buna mane olan səbəbləri müəyyənləşdirmək və problemləri birlikdə həll etmək istəyirik”, – o vurğulayıb.
Diplomat əlavə edib ki, gələcəkdə sahibkarların ehtiyaclarına uyğun digər tədbirlərin təşkili də nəzərdən keçiriləcək. Onun fikrincə, biznesin inkişafı üçün ilk növbədə sahibkarların hansı dəstəyə ehtiyac duyduğunu öyrənmək vacibdir.

