"AnewZ" televiziya kanalı Birinci Qarabağ müharibəsini obyektivindən lentə alan beynəlxalq fotojurnalist Reza Deqati ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib və sənədli film hazırlayıb.
Qaziler.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev filmi "X" sosial şəbəkə hesabında paylaşıb.
Filmdə münaqişədən onilliklər sonra dağıdılmış binalar, zərər görmüş mədəni irs nümunələri, keçmişin silinməkdə olan izləri, darmadağın edilmiş həyatlar və unudulmamalı tarixlər əks olunub.
"Yenidənqurma işləri bölgəyə yeni başlanğıclar gətirsə də, itkin düşənlərin taleyi onların ailələri üçün açıq yara olaraq qalır", - deyə filmdə bildirilib.
Qeyd olunub ki, sənədli film bir sıra suallar doğurur: "Müharibə əslində nə vaxt bitir? Ailələr hələ də cavab axtararkən onun hekayəsi nə vaxtsa tamamlana bilərmi?"
"Çünki bəzi hekayələr keçmişdə qala bilməz. Onlar yaddaş, həqiqət axtarışı və davamlı sülh ümidi ilə yaşadılır", - deyə filmdə vurğulanıb. (oxu.az)

