Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar qardaş Pakistan İslam Respublikasına dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşürbu ürəkağrıdan faciədən zərər çəkən hər kəsə dərin hüznlə səbir diləyirik.", - deyə paylaşımda vrğulanıb.
Qeyd edək ki, Pakistanın Xeyber-Paxtunxva əyalətinin Fövqəladə Halların İdarə Olunması üzrə Əyalət İdarəsinin (PDMA) gündəlik vəziyyət hesabatına əsasən, Pişəvər şəhərinin Dir-Koloni ərazisində yerləşən “Al Khair Education System” məktəbinin damının uçması nəticəsində 30-dan çox insan ölüb, 58 nəfər yaralanıb. Ölənlərdən 29-u uşaq, biri qadındır. Məlumat zərərçəkənlərin ilkin siyahılarına əsasən, Pişəvərdəki "Lady Reading Hospital" və "Naseer Ullah Babar Hospital"dan əldə edilib.
Hadisə zamanı iki sinif otağının damlarının uçduğu bildirilir. Faktla bağlı araşdırma aparılır, məktəbin sahibi saxlanılıb. Xeyber-Paxtunxva əyalətindəki təhsil müəssisələrinin binalarının təhlükəsizliyinin yoxlanılması barədə də göstəriş verilib. Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin hərtərəfli araşdırılmasını və məsul şəxslərin qanun çərçivəsində cəzalandırılmasını tapşırıb.

