Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işlər barədə məlumat verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslər və digər həssas qrupların istedad və bacarıqlarının inkişafına, reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə xidmət etdiyi vurğulanıb.
Mərkəzin direktoru Elnarə Ənsari müəssisədə həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və özünüifadə imkanlarının genişləndirilməsi üçün görülən işləri diqqətə çatdırıb.
Burada benefisiarlara sosial pedaqoji və psixoloji dəstək xidmətlərinin də göstərildiyi, Mərkəzin istedadlarının beynəlxalq əhəmiyyətli tədbirlərdə yaradıcılıq nümunələri ilə uğurla çıxış etdikləri bildirilib. Bölgələrdəki DOST Evi filallarının fəaliyyətindən də bəhs olunub.
Mərkəzdəki inklüziv yaradıcılıq mühiti, həssas kateqoriyalara aid şəxslərin hazırladıqları sənət nümunələri qonaqların marağına səbəb olub.

