Müstəqil Dövlətlər Birliyinin (MDB) Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib.
Qaziler.az xəbər verir ki, bu barədə Şuranın Bakıda keçirilən 39-cu iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında MDB Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının fəaliyyətinin mövcud təcrübələrin mübadiləsi ilə yanaşı, əmək və sosial-iqtisadi siyasətlərin perspektiv inkişaf istiqamətlərinin müzakirəsi, innovativ yanaşmaların hazırlanması və praktik əməkdaşlıq imkanlarının müəyyən edilməsi baxımından da əhəmiyyətli olduğunu bildirib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. Nazir Azərbaycanda 2018-2026-cı illərdə 4 milyon insanı əhatə edən beş sosial islahat paketinin icra edildiyini, bu islahatlar üçün hər il əlavə olaraq 8 milyard manat, yəni 4,7 milyard ABŞ dolları ayrıldığını, gələn il altıncı sosial islahat paketinin həyata keçirilməsi üçün hazırlıq işlərinə artıq başlandığını diqqətə çatdırıb.
İllik müqayisədə məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin 2 dəfə artdığı, o cümlədən işlə təmin edilənlərin sayında 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayında 2,7 dəfə, peşə təliminə cəlb olunanların sayında 7,1 dəfə, peşəyönümü xidmətlərə cəlb edilənlərin sayında 3 dəfə artımın olduğu, habelə işsizliyə görə sığorta ödənişinin orta aylıq məbləğinin 1,4 dəfə artdığı qeyd edilib.
Bundan əlavə, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 44 faiz, minimum əməkhaqqının 3,1 dəfə, orta aylıq əməkhaqqının 2,1 dəfə və əməkhaqqı fondunun 3,4 dəfə, minimum və orta aylıq pensiyanın təqribən 3 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin 5 dəfə, ünvanlı dövlət sosial yardımının orta aylıq məbləğinin 2,5 dəfə artdığı bildirilib.
Əmək və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün atılan addımlar, bu sahədə elektronlaşma prosesinin daha geniş rəqəmsal transformasiya mərhələsinə keçdiyi qeyd edilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə DOST Agentliyinin və DOST mərkəzlərinin yaradıldığı, DOST mərkəzlərinin dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı vurğulanıb. Nazirlik üzrə xidmətlərin 90 faizdən çoxunun elektronlaşdırıldığı, ölkədə son illər aparılan sosial islahatların 300-dən çox beynəlxalq mükafat və sertifikata, o cümlədən BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü vurğulanıb.
Nazir Anar Əliyev MDB Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının bugünkü iclası çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsinin gələcək fəaliyyətimizin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Məşvərət Şurasının Katibliyinin rəis müavini, MDB-nin İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin müşaviri Olqa Kremskaya MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun açılış nitqini səsləndirib.
Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib. Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkəsinin Şuraya sədrliyi çərçivəsində əldə edilən nəticələr və Şuranın 38-ci iclasının qərarlarının icrası işlərinə dair məlumat verib.
MDB-nin Baş katibi Sergey Lebedev adından Özbəkistan Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndələrinə Özbəkistan tərəfinin Məşvərət Şurasında sədrliyi çərçivəsində MDB məkanında əmək və sosial sahədə əməkdaşlığa verdiyi töhfəyə görə mükafatlar təqdim edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Belarusun əmək və sosial müdafiə nazirinin müavini Marina Artemenko, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Baxtiyar Jazıkpayev, Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin müavini Aida İsatbəy qızı, Rusiya Federasiyasının əmək və sosial müdafiə nazirinin birinci müavini Olqa Batalina, Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin birinci müavini Nəsim Kərimzadə, Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qurban Qurbanov, Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkələrində sosial-əmək sahəsindəki cari vəziyyət və bu sahədə həyata keçirilən tədbirlər haqqında çıxış ediblər.
İclasda Azərbaycan və Qazaxıstanda əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal xidmətlərin inkişafı haqqında məlumat verilib.
"MDB-də 2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilməsi ilə əlaqədar tədbirlərin hazırlanması", "2023-2025-ci illər üçün MDB-də model qanunvericilik fəaliyyətinin Perspektiv İnkişafı Planının həyata keçirilməsi", "Rəqəmsal platformalarda məşğulluğun statistik ölçülməsi: MDB ölkələrinin təcrübəsi", "Əmək normalarının müəyyən edilməsi sahəsində işlərin metodiki və təşkilati-texniki təminatı üzrə MDB-nin iştirakçı dövlətlərinin baza təşkilatı", "MDB-nin iştirakçı dövlətlərində sosial tərəfdaşlıq sisteminin təkmilləşdirilməsi" və s. mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.

