Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Qaziler.az bildirir ki, müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident!
Sizin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışınızı diqqətlə və qürurla izlədim. Çıxışınız zamanı verdiyiniz mesajlar, reallığı əks etdirən fikirləriniz neçə gündür həm ölkəmizdə, həm də dünyada geniş müzakirə olunur. Dövlətçiliyimizin möhkəmləndirilməsi, insanlarımızın təhlükəsiz yaşaması naminə səsləndirdiyiniz fikirlər, gördüyünüz işlər hər bir azərbaycanlı kimi məni də qürurlandı. Həmişə olduğu kimi, bu dəfə də çıxışınız və mesajlarınız çox vacib və aydın idi. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik kursunu Siz cəsarətlə, şərəflə, ləyaqətlə davam etdirirsiniz.
Sizin aşağıdakı fikrinizi bir Qarabağ qazisi olaraq xüsusi vurğulamaq istəyirəm:
“Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var. İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub”.
Bəli, Ermənistanın 30 illik işğalına son qoyulması və kapitulyasiya aktına imza atması Sizin uzaqgörən siyasətiniz, güclü dövlət və ordu quruculuğunuz sayəsində, şəhidlərimizin və qazilərimizin qanı bahasına başa gəldi. Mən Sizin hakimiyyətə gəldiyiniz ilk illərdən dövlətimizin möhkəmləndirilməsi, ordu quruculuğu ilə bağlı gördüyünüz işlərin real şahidi olmuşam. Bu istiqamətdəki bütün çıxışlarınızı və fəaliyyətinizi izləyərək torpaqlarımızın azad olunacağına həmişə inanmışam.
Onu da qeyd edim ki, ordu quruculuğu və onun müasir silahlarla təchiz edilməsi çox çətin və ağır bir prosesdir. Orduda xidmət edən hər kəs bunu daha yaxşı anlayır. Məhz Sizin komandanlığınız altında qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində və cəmi 23 saat davam edən antiterror tədbirləri zamanı qazandığı Zəfərlə işğala son qoydu, suverenliyimizi bərpa etdi.
Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror əməliyyatı zamanı hər detalın nəzərə alınması, döyüşən ordunun ruhunun, fiziki və psixoloji durumunun yüksək səviyyədə olması Sizin bir sərkərdə kimi bilik və bacarıqlarınızın, cəsarətinizin və Vətən sevginizin sayəsində mümkün oldu.
Siz ordumuzun maddi-texniki bazasının gücləndirilməsini, hərbçilərimizin maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayırsınız. Bununla yanaşı, şəhid ailələrinin və qazilərin də həyat şəraitinin yaxşılaşdırılması, onların sosial təminatının gücləndirilməsi istiqamətində böyük işlər görürsünüz.
Məşhur bir fikir var: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” Ermənistan kimi bir dövlətlə qonşu olmaq bizi daim müharibəyə hazır olmağa məcbur edib. Eyni zamanda, bu, bizə güclü olmağı, Sizin kimi ağıllı, cəsarətli və savadlı davranmağı öyrədib.
Hörmətli Müzəffər Ali Baş Komandan!
Mən Sizə Azərbaycanımızın müstəqilliyinin qorunub saxlanılması və ölkəmizin daha da inkişaf etdirilməsi yolunda uğurlar arzulayıram. Biz qazilər həmişə Sizin və dövlətimizin yanındayıq və bundan şərəf duyuruq!
Dərin hörmətlə,
Rey Kərimoğlu,
“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” (AMZA) İctimai Birliyinin sədri,
Qarabağ qazisi, jurnalist,
Azərbaycan Respublikası, Ağdam şəhəri".
Qeyd edək ki, mina təhlükəsinə dair layihənin icrası ilə əlaqədar olaraq Rey Kərimoğlu bir neçə aydır ki, Ağdam şəhərində işləyir. Prezidentə müraciəti də doğulub böyüdüyü öz doğma şəhərindən ünvanlayıb.
QAZİLER.AZ

